Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı İran İslam Respublikasına son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd etdi ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!