USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əməkdar jurnalist Yusif Kərimov vəfat edib

Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib.

Azərbaycan Mətbuat Şurasının nekroloqunda deyilir: "Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb.

Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb.

Y.Kərimov 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilib. 14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirib, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olub.

Azərbaycan Mətbuat Şurasının tərkibində ölkə jurnalistlərinin veteran təşkilatı kimi yaradılmış Ahıl Jurnalistlər Məclisinə 10 ilədək rəhbərlik etmiş Y.Kərimov yaşlı nəsil həmkarlarının sosial problemlərinin həllində, onların istimai-siyasi həyatda iştirakında səmərəli fəaliyyəti ilə örnək olub.

Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” kimi oçerk və məqalə topluları, müxtəlif janrlı nəsr əsərlərindən ibarət kitabları, çoxsaylı qəzet-jurnal yazıları, teleradio verilişləri, film ssenariləri və tərcümələri ustad jurnalistə geniş oxucu auditoriyası qazandırıb.

Yusif Kərimov gənc nasirlərin və jurnalistlərin milli ruhda yetişməsinə, püxtələşməsinə, yaradıcılıq uğurları qazanmasına qayğı göstərmiş, öz ardıcıllarını yetişdirmiş ədib və ziyalı kimi cəmiyyətdə böyük ehtiram qazanıb. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur.

Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost Yusif Kərimovun nurlu xatirəsi onu tanıyanların, qədirbilən insanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!