USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Leonid Ptaşka: Azərbaycan cazı dünyaya inteqrasiya etməyi bacarıb - Özəl

Bakı Caz Festivalı çərçivəsində  Azərbaycana gələn  istedadlı musiqiçi, Bakıda anadan olan tanınmış cazmen Leonid Ptaşka ASAN Radioya geniş müsahibə verib. 

Müsahibəni təqdim etməzdən əvvəl xatırladaq ki, Leonid Ptaşka  3 may 1964-cü ildə Bakıda anadan olub. İstedadlı musiqiçi Leonid Ptaşka 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində İsraildə cazı populyarlaşdırıb. Amerika Bioqrafiya İnstitutunun versiyasına görə, o, XX əsrin 100 ən yaxşı cazmenindən biri sayılıb. L.Ptaşka El Foster, Herb Alpert, Freddi Habbard, Valeri Ponomaryov, İqor Butman və başqa populyar musiqiçilərlə əməkdaşlıq edib.

 - Caz festivalı barədə ilkin təəssüratlarınız necə oldu?

Hazırda dünyada festivallar Bakıda keçirilən festivallar qədər çox deyil. Mən çox səyahət edirəm və görürəm ki, Bakıdakı festivallar mənə daha ürəyəyatımlıdır və burada ailə hərarəti hiss edilir. Təbii ki, bu işdə  mənim uşaqlıq dostum Rain Sultanova xüsusi  təşəkkür düşür. Deyildiyi kimi, həqiqi dostlar uşaq bağçasında ilk dəfə tanış olurlar. Biz demək olar ki,  1 yaşından etibarən bir yerdəyik. Bir yerdə böyümüşük, çalışmışıq, hətta Polad Bülbüloğlunun orkestrında da birlikdə fəaliyyət göstərmişik. Bu dövr 80-ci illərə təsadüf edir. Başqa cür bu festival ola bilməzdi, Rain bunu edə bilməzdi. Bu festival mənim yaddaşımda yaxınlığı ilə qalacaq. Siz hal-hazırda elə bir insanla danışırsınız ki, o şəxs Bakıda anadan olub və 1981-ci ildə buranı tərk edib. Mən olduqca qarışıq hisslər keçirirəm, mən hətta hələ də toxunulmamış küçələri tanıyıram. Çünki Bakı indi həqiqətən də çox dəyişib. Mənim üçün bura doğmadır,  Bakı mənim doğma şəhərimdir. 

- Azərbaycana gələndə hansı hisssləri keçirirsiniz?

Təsəvvür edin, bir insan çoxdan görüşmədiyi anası ilə görüşəndə nə hisslər keçirir?!  Ola bilər ki, keçirdiyim hisslər də elə buna bənzəyir. Bura gələndə ilk olaraq məni doğulduğum evə aparmalarını xahiş etdim. Artıq Bakıda köhnə rayonlarda yerləşən çox evlər sökülüb. Mən 5 mərtəbə adlanan ərazidə  Əli Bayramov küçəsində yaşamışam. Ora gedəndə çox kədərləndim, hətta telefonumla çəkiliş belə etdim, gözyaşlarına boğulmuşdum, çünki  yalnız bizim evimiz  sökülməmiş qalmışdı. Hətta oranın girişinə belə toxunmamışdılar. 10 il sonra Sovetski ərazisində bir evə köçdüm. Hətta  ev belə artıq öz yerində deyil, ancaq mənim uşaqlıq xatirələrimin toplandığı o döngə, doğulduğum evimiz hələ də olduğu kimi qalırdı. Bəlkə də o evlər Bakıda sökülməyən yeganə evlərdir. O evləri də yəqin ki, artıq sökəcəklər, nələrsə dəyişiləcək. Mən bu suala necə cavab verə biləcəyimi də bilmirəm. Kiçik yaşlarımda bağça və parklar boyunca qaçdığım, piyada gəzdiyim o yerlərə getdim və hər gün Azərbaycan  Dram Teatrının yanından keçirdim. Bu yerlərin hamısı mənə olduqca doğmadır və mənə cavab vermək çox çətindir. Bu suala cavab vermək, hansı əlimi, sağ yoxsa solu daha çox bəyəndiyimə cavab vermək qədər çətindi. 

- Sizcə turistləri bura gəlməyə nə sövq edir?

İlk olaraq, onu deyim ki, Bakı hər zaman gözəl şəhər olub. Buranın qeyri-adi arxitekturası var. Bakı İsrailin Hayfa  şəhərinə  çox bənzəyir. Bu şəhər də anfiteatr quruluşundadır, dənizə doğru enir. Bakının ələxsus da təamları çox gözəldir. Mən çox səyahət edən və periodik olaraq İsrail və Amerikada yaşayan bir şəxs kimi bunu qeyd edə bilərəm ki, turistləri buranın arxitekturası, meyvə və tərəvəzləri, təbii məhsulları cəlb edir. Buranın özünəməxsus günəşi var. Görməli yerləri də olduqca çoxdur. Bu cür inkişaf sürəti olan şəhəri ancaq yüksək inkişaf edən şəhərlərlə müqayisə etmək olar, bəlkə də elə Bəhreynlə. Əgər yaxşı reklam həyata keçirilərsə Bakıya olduğundan da artıq turist gələr. İsraildən buraya çoxlu turistlər gəlir. Mənə İsraildə çox vaxt deyirlər ki, biz sənin şəhərində olduq, sən hətta oranın necə gözəl olduğunu belə təsəvvür edə bilməzsən. Mən də deyirəm ki, mən burada göz açmışam, buranı yaxşı tanıyıram. Bu gün mən keçirilən konkursun jüri heyəti sırasında idim və mən olduqca istedadlı, cazı sevən gənclərin şahidi oldum. Nəsillər dəyişir, mən də gənc olmuşam və mənim üçün də musiqi böyük önəm daşıyırdı. Xoşdur ki, bu hal hələ də davam edir, hələ də bu istiqamətdə tərəqqi mövcuddur. 

- Bizə hazırki fəaliyyətiniz barədə məlumat verərdiniz. Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?

Orta  hesabla  təxminən mənim il ərzində 20-25 konsertim təşkil olunur. Mən olduqca çox ifa və səyahət edirəm. Dünən bura Moskvadan gəldim. Sabah axşam isə Amerikaya yola çıxacam. Mənim hardasa Amerikada 10 konsertim planlaşdırılır, daha sonra Kanadaya, proqramlarımı icra etmək üçün İsrailə, Almaniyaya və s. Bir sözlə qrafikim sadə deyil. Amma düzünü desəm, bura gəlmək üçün çox işlərimi təxirə saldım. Bakıya gəlmək mənim üçün çox vacib idi. Mənim İsraildə öz caz festivalım təşkil olunur, keçən il Rain Sultanov da orada çıxış etdi. Onun İsrailə gəlişi mənim şəhərimə gəlməyim üçün bir üstünlük oldu. Mənim simfonik orkestr üçün öz bəstələrimin yer aldığı xüsusi proqramım var. 2019-cu ildə mənim diskim Amerikanın “Qremmi” mərasimində təqdim olunacaq. 

- Azərbaycanın gənc caz ifaçılarından kimləri bəyənirsiniz?

Adları xatırlamaq məsələsində elə də uğurlu deyiləm. Amma deyə bilərəmki, bu sahədə istedadlı gənclər kifayət qədər çoxdur. Ümumiyyətlə, Azərbaycan cazı dünyada tanınır. Öz adımdan çıxış edərək deyə bilərəm ki, əgər mən Azərbaycan caz musiqisinə kiçik də olsa öz töhfəmi verə bilmişəmsə, çox şadam, bu mənim üçün qürurvericidir. SSRİ-dən sonra Azərbaycan cazı tərəqqiyə addım atdı. Erkən vaxtlarda  belə Azərbaycan cazı Vaqif Mustafazadə, Rafiq Babayev və digər sənətkarların adları ilə özünü dünyaya tanıtdıra bilmişdi. Bu yer olduqca istedadlı şəxslər yetirib. 

- Hazırda Azərbaycan caz musiqisinin dünyaya inteqrasiyası haqda nə deyə bilərsiniz?

Caz improvizədir, hər kəs öz ifasında öz üslubunu büruzə verir. Məsələn, Amerikada Koltreyn, Çarli Parker ifa edəndə onu özünəməxsusluğundan ayırd etmək mümkün olurdu. Bu məqamda Vaqif mənim üçün olduqca önəmli idi. Vaqif öz ifasını səsləndirirdi, onun öz dəst-xətti var idi. Bundan sonra bu sahədə inteqrasiya baş qaldırdı, gənc ifaçılar artıq öz ifalarında muğamdan improvizələr edirdi. Bunlar da Azərbaycan cazını fərqləndirən əsas amildir. Buradan da demək olar ki, Azərbaycan cazı dünyaya inteqrasiya etməyi bacarıb. Mən hər zaman öz ifalarımda muğamdan improvizələr etməyə çalışıram, çünki musiqi təhsili aldığım müddətdə də muğamla yaxından tanış olmuşam və bu istiqamətdə müvafiq biliklərə yiyələnmişəm. Muğam artıq mənim qəlbimdə özünəməxsus yerə sahibdir.

- "Вечерняя Пташка" adlı  televiziya proqramınızın tez bir zamanada fəaliyyətini dayandırmasının əsas səbəbi nə idi?

Mənim televiziyada proqramlarım olub, bu mənim üçün sadəcə hobbidir. Mənim əsas işim sırf musiqi üzərində qurulub. Ola bilsin ki, yenə də mənə televiziyalardan dəvətlər olsun. Qeyd etdiyim kimi, bu sadəcə məşğuliyyətdir. 

- Hazırda Bakıdasınız. Uşaqlığınız burada keçib,istərdim uşaqlıq illərinizə səyahət edək.

Mənim ailəmdə musiqiçi yox idi. Atam aviapilot, anam isə məktəbdə müəllimə işləyirdi. Valideynlərim düşünürdü ki, 4-5 yaşlarımdan artıq musiqi ilə məşğul olmağa başlamasam, yəqin ki, evdə sındırmadığım heçnə qalmazdı. Çünki alətim olmadığı müddət ərzində mətbəxdə masanın, soyuducunun üzərində qaşıq və çəngəllərin vasitəsilə ifa edirdim. Beləliklə də mən musiqi məktəbində təhsilimə başladım. Digər yaşıdlarım futbol oynayanda mən royalda ifa edirdim. Mənim bütün uşaqlığım musiqi ilə keçib. Kiçik yaşlarımdan konsertlər verirdim. Səhnə mənim üçün hər zaman bir başqa idi. Əgər məndən həyatımın ən faicəvi anlarını soruşsalar, cavab verərəm ki, bu an Brejnevin vəfat etdiyi gün idi. Ona görə yox ki, mən onun vəfatına görə ağlamışdım, ona görə ki, həmin gün mənim musiqi məktəbində keçiriləcək konsertdə çıxışım olmalı idi. Mən caz ifa etməli idim, amma o konsert ləğv edildi. O konsert bir neçə ildən sonra baş tutdu. Mən Brejnevə görə deyil, ləğv olunan konsertə görə ağlayırdım.

- Müsahibəyə görə təşəkkür edirik.

Xoş oldu. Hamıya uğurlar arzu edirəm. Təşəkkürlər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!