USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb

Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb.

Nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov ,Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Anar Rzayev, Eldar Quliyev, Azər Paşa Nemətov, Rasim Balayev, Şəfiqə Məmmədova, Hacı İsmayılov, Nurəddin Quliyev imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaqdır (Füzuli meydanı, 1).

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!