USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın neft sənayesi işçilərinə Prezidentin təbriki

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik ünvanlayıb:

Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

“Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!