USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Humanitar Forumun “dəyirmi masa”sında sivilizasiyalararası dialoqun təmin edilməsində medianın rolu məsələsi müzakirə olunub

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

ASAN Radio xəbər verir ki, üç paneldən ibarət olan “dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın “Azərbaycan modeli” adlandırmaq olar. “Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca “dəyirmi masa” həsr edilib”.

“Dəyirmi masa”nın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

M.Qusman qeyd edib ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğulayıb.

UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.

Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir.

Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.

“Dəyirmi masa” mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edir.

“Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” mövzusunda keçirilən ikinci panel iclası ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirilib.

Paneldə Argentinanın Telam xəbər agentliyinin prezidenti Rodolfo Pousanın, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun, slovakiyalı jurnalist, “International Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezqaçinanın, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun internetşünaslıq sektorunun müdiri Rasim Mahmudovun məruzələri dinlənilib.

Rodolfo Pousa qeyd edib ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.

“Ənənəvi jurnalistika həqiqətən dramatik transformasiyaya məruz qalır”, - deyən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, bunun hərəkətverici qüvvəsinin əsasını texnologiyalar, yeni qurğular təşkil edir. Baş direktor vurğulayıb ki, yeni vasitələr və praktikalar arasında şəbəkə jurnalistikasını xüsusi qeyd etmək lazımdır: “Müasir jurnalist informasiyanın toplanması, işlənməsi və yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müəyyən mənada deyə bilərik ki, professional identifikasiyanın yeni tipi – “şəbəkələşdirilmiş jurnalist” tipi formalaşır və o, öz növbəsində şəbəkə jurnalistikasının subyektidir”.

Diqqətə çatdırılıb ki, hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır və mətn şəklində xəbərləri getdikcə üstələyir. “Bu trendlərə məhəl qoymamaq, biganə qalmaq olmaz, onlara yeni reallıqlar kimi yanaşmaq və qəbul etmək lazımdır”, - deyən Baş direktor qeyd edib ki, şəbəkə jurnalistikasına mətbuatın müstəqillik və keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxılmalıdır.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç ənənəvi jurnalistikanın dəyişikliklərə uğradığını bildirib, vətəndaş jurnalistikasının informasiya məkanında rolunu qeyd edib. O deyib ki, hazırda Tvitter vasitəsilə yayılan məlumatlar daha sürətlə yayılır və bir an içərisində bütün dünyanı əhatə edə bilir. Belə şəraitdə peşəkar jurnalist daha çevik olmalı və yoxlanılmış informasiyalara üstünlük verməlidir.

“Dəyirmi masa”nın üçüncü panel iclası “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” mövzusuna həsr edilib. İclas AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilib.

Panel iclasda Türkiyənin Anadolu Agentliyinin İKT texnologiyaları departamentinin müdiri Yakup Şıvkanın, ABŞ-ın Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altmanın, Çilinin “Andres Bello” Universitetinin professoru Markos Belmor Borkoski Paesin, Özbəkistanın “Darakçı” nəşriyyat evinin redaksiya heyəti rəhbərinin müavini Rüstəmcon Cabbarovun, Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeikin, Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın və Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın məruzələri dinlənilib.

İclasda medianın sosial şəbəkələrdə iştirakı və informasiyanın sosial mediada yayılması özəllikləri, bloqçuluq və vətəndaş jurnalistikasının ənənəvi KİV-lərə alternativliyi məsələləri diqqət mərkəzində olub. Qeyd edilib ki, müasir jurnalist olmaq üçün sosial şəbəkələrin funksiyalarını bilmək, informasiyanın necə yayılmasını izləmək, innovasiya texnologiyalarından sərbəst istifadə etməyi bacarmaq lazımdır.

Bununla da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” işini başa çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!