USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

ASAN Radionun xəbərinə görə, təbrik mətnində deyilir:

Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.

Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir.

Əziz bacı və qardaşlarım!

Könül xoşluğu ilə yola saldığımız Ramazan ayı artıq başa çatır. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək olsun!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!