Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:
"Bismillahir-rəhmanir-rəhim!Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha -- Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.
İslami dəyərlərə sahib duran, diqqətini əsirgəməyən dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə dualar edən Azərbaycan müsəlmanları Ulu Öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə, dövlətimizin beynəlxalq müstəvidə uğurlarının artması, rifahımızın daha da yüksəldilməsi istiqamətində islahatlarına rəvac verməsini Uca Allahdan arzulayırlar.
Valideynlər, doğmalarla yanaşı kimsəziz və maddi-mənəvi ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz, mübarək günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət və dualarımızı qəbul etsin! Amin!
Vəs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!"
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!