USD - 1.7 EUR - 1.986 RUB - 0.0216 TRY - 0.2043 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda son sutkada 1095 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 12 nəfər vəfat edib MN: Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib   MN: Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır  
Prezident İlham Əliyev: “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi”

“Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı”.

ASAN Radionun xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

“O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə verib: "Həm burada – arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası – “Rossiya-1” kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən.

O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio